Məhəmməd Həsən Hacinski
Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (3 (15) mart 1875, Bakı – 9 fevral 1931, Tiflis) — Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının müvəqqəti və son sədri, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər, maliyyə, xarici işlər naziri, dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətinin ticarət və sənaye naziri, Bakı Şəhər Dumasının üzvü.
== Həyatı ==
Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olmuşdur. O, Bakı real məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir.
1908-ci ildə Bakıya qayıdaraq, tikinti işlərində, müəllifi Nikolay fon der Nonne olan baş şəhərsalma planı təkmilləşdirilməsində iştirak etmişdir. 1912-ci ildə Hacınskinin redaktəsi ilə Bakı küçələrinin nəcibləşdirməsi barədə kitab nəşr olunur.
=== Çar Rusiyası dövrü ===
1913-cü ildə Bakı Şəhər İdarəsinə rəhbərlik edirdi. O, Şirvanşahlar Sarayına xüsusi diqqət yetirirdi, sarayın bərpası və qorunması haqqında tez-tez təkliflər irəli sürürdü. Hacınskinin təşəbbüsü ilə Ömər Abuyev və Zivər bəy Əhmədbəyov sarayın gələcək bərpası üçün elmi-tədqiqat işləri aparmışdılar. 1902–1917-də Bakı Şəhər Dumasının üzvü olmuşdur.